C

Ceferson Tomas

Thomas Jefferson 
 
Amerika dövlət xadimi, Müstəqillik deklarasiyasının müəlliflərindən biri, ABŞ-ın 3-cü prezidenti
 
1743-cü il aprelin 13-də Virciniya koloniyasında Şeduel qəsrində plantasiya sahibinin ailəsində anadan olub.
 
1752-ci ildə şotland rahibinin təsis etdiyi yerli məktəbdə təhsil alıb. 1760-1762-ci illərdə “Uilyam və Meri” kollecində hüquq təhsilinə yiyələnib və təhsilini başa vurduqdan sonra Vilyamsburqda vəkil işləyib.
 
Gənc yaşlarından siyasi fəaliyyətə başlayan Ceferson 1769-1774-cü illərdə Virciniya palatasına nümayəndə seçilib. 1775-ci ildə İkinci kontinental konqresdə Virciniya ştatını təmsil edib. Müstəqillik deklarasiyasını hazırlayan komitəyə rəhbərlik edən Tomas Ceferson bu deklarasiyanın əsas müəlliflərindən biri olub.
 
1779-1781-ci illərdə Virciniyanın qubernatoru vəzifəsində çalışıb. 1782-ci ildə ona alim kimi şöhrət gətirən və bir çox dillərə tərcümə olunan “Virciniya ştatı haqqında qeydlər” kitabını yazıb.
 
1784-cü ildə Amerika Birləşmiş Ştatlarına daxil olan bütün ştatlarda quldarlığın ləğv edilməsi barədə təkliflə çıxış edib. 1785-1789-cu illərdə ABŞ-ın Fransada rəsmi nümayəndəsi təyin olunub. 1790-1793-cü illərdə Corc Vaşinqtonun birinci nazirlər kabinetində dövlət katibi vəzifəsini tutub.
 
Sonradan Ceferson müxalif demokrat-respublikaçılar partiyasına rəhbərlik edib və 1796-cı ildə ABŞ-ın ikinci prezidenti Con Adamsın zamanında vitse-prezident postuna təyin olunub.
 
1800-cü ildə keçirilən prezident seçkilərində qalib gələn Tomas Ceferson Amerika Birləşmiş Ştatlarının 3-cü prezidenti seçilib. İkinci dəfə bu posta seçilən siyasətçi 1809-cu ildə istefa verib və 1815-ci ilə qədər Amerika fəlsəfə cəmiyyətinə rəhbərlik edib. Onun zəngin kitablar toplusunun əsasında ABŞ Konqresinin Kitabxanası yaradılıb.
 
Ömrünün sonlarına yaxın Virciniya universitetinin əsasını qoyan Cefersonun Montiçello qəsrindəki məzarı üzərində özünün müəllifi olduğu epitafiya yazılıb: “Amerika Birləşmiş Ştatlarının Müstəqillik deklarasiyasının, Virciniya dini azadlıq qanununun müəllifi, Virciniya Universitetinin banisi Tomas Cefferson 1743-cü il aprelin 2-də anadan olub və 1826-cı il iyulun 4-də vəfat edib”.