Şeirlər

Mədinə Gülgün. Yanıltmaclı bəndlər

Çəpərdən aşdı çəpiş,
Daşa dırmaşdı çəpiş.
Anasını itircək
Yolunu çaşdı çəpiş.

 

Kuklamın adı Almaz,
Gözü almazdan qalmaz.
Kuklam qalın geyinsə ,
Almaza soyuq olmaz.

 


Pişiyim ağ xallıdır,
Tükü yumşaq, xallıdır.
Pişiyim də Xallı tək
Sakitdi, ağıllıdı.

 

Körpüdən keçdi keçi,
Çaydan su içdi keçi.
Meşədə buynuzundan 
Kola ilişdi keçi.

 

Yerkökü dərdi dovşan,
Dərdi, gətirdi dovşan.
Seçib bir kök yerkökü
Dostuna verdi dovşan.

 

O əyri qıç çəyirtkə
Çox uçar ləkdən-ləkə,
Görəsən kim salıbdır
Çəyirtkəni bu kökə?

 

Dələ dəcələm, dedi,
Belə dəcələm dedi.
Xoşlamıram nə yatam,
Nə də dincələm dedi.

 

Gəlinciyim incədir,
Gəlin, görün necədir?
Yatır, durur, oturur,
Əcəb ürəyimcədir.

 

Beş danam, beş baş danam,
Beşi də qardaş danam.
Su, saman, sahmanlaram,
Ac qalmasın kaş, danam.