Şeirlər

Məhəmmədhüseyn Şəhriyar. Bilik

İnsanlar biliklə hörmət qazanar,
Bunu heç bir zaman unutma, zinhar!
Bilməmək, bil günah sayılmaz müdam,
"Bilmirəm" deməkdən utanmaz adam.
Cəhli iqrar etmək səmimiyyətdir,
Haqqı danmaq isə alçaq sifətdir.
Düzlüyü özünə bir hünər bil sən,
Çəkinmə bilməyib üzr istəməkdən.
Ancaq avam ikən bəhs etsən, inan,
Dərhal bilinər ki, əsl avamsan.
Yalan zərər verər daim insana,
Yalançı bənzəyər məlun şeytana.
Günaha batarsan yalan deyərkən,
Hörmətdən düsərsən el içində sən.
İnsan hər bir şeyi bilə bilməz tam,
Bircə Allah bilər hər şeyi tamam.
Biliklə ucasan, bunu anla, qan!
Alim doğulmamış heç kəs anadan.
Bilməmək qədrini azaltmaz şəxsin,
Lakin öyrənməmək eyibdir, yəqin.
Əhrimən xisləti öyrənməməkdir,
Bu can düşmənini boğmaq gərəkdir.
Ar etmə biliyi əldə etməkdən,
Yoxsa ömür boyu boş qalar kəllən.
Öpməkçin müqəddəs bir mövqe varsa,
O da müəllimin əlidir, anla!