L

Lüter Martin

Martin Luther
 
Alman protestantlığının (lüteranlığın) banisi.
 
1483-cü il noyabrın 10-da Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində anadan olub.
 
On üç yaşında Eyzenax şəhərindəki kilsə məktəbində oxuyarkən Ursula Kott adlı xeyirxah bir qadınla tanış olur və dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə qəbul edilir. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə yiyələnir. 1507-ci ildə gözlənilmədən rahib olmağa qərar verir və avqustinçilər monastırına gedir. 1512-ci ildə Vittenberq Universitetində ilahiyyat doktoru olur və bu təhsil ocağında qalaraq müəllimlik fəaliyyətinə başlayır. 
 
1517-ci ildə Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanmasına etiraz edərək dində islahatlar aparmaq fikrinə düşür. Öz etirazlarını “Doxsan beş tezis” adı altında Vittenberq kilsəsinin divarlarından asır. Bundan sonra Martin izahat üçün Romaya çağırılır, lakin Saksoniya kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınır.
 
1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilir. 
 
1525-ci ildə Almaniyada kəndli üsyanı başlayır. Üsyançılar kilsə daxilində islahat aparmağın vacibliyini vurğulayan Martin Lüterin fikirlərindən yararlanırlar. Rahib özü bu üsyanın əleyhinə olsa da, kilsə tərəfindən daha sərt münasibətə məruz qalır.
 
Bundan sonrakı dövrdə Lüter, əsasən, pedaqoq və vaiz kimi fəaliyyətini davam etdirir, yazdığı əsərlərdə dini görüşlərini açıqlamaq üçün gərgin işləyir. Onun əsərləri bütün Avropada geniş əks-səda doğurur.
 
Martin Lüterin antisemit olması barədə mübahisələr getsə də o, yəhudiləri bir millət kimi yox, iudaizmin daşıyıcıları kimi, müqəddəs üçlüyü qəbul etməmələri səbəbi ilə qınayır, sinaqoqları dağıtmağa çağırır.
 
1546-cı il fevralın 18-də Eysleben şəhərində vəfat edən Martin Lüter, Vittenberq şəhərindəki qəsr kilsəsində dəfn olunur.