Bu maraqlıdır!

Əjdahanı kim necə təsəvvür edir?

Əjdaha dünyanın ən fantastik uydurma məxluqudur. Qədim zamanlardan günümüzə qədər əfsanə və nağıllarda adı çəkilən əjdahaları şərqdə və qərbdə — planetin hər yerində məşhurdur.

 

“Dragon” (əjdaha) sözü qədim yunan dilindəki “ilan” sözündən yaranmışdır. Təsadüfi deyil ki, əjdahaları bütün əfsanə və nağıllarda ilan şəklində təsvir olunur. Onların adətən uzun və nahamar quyruqları, haça dilləri və parıltılı dəriləri olur. Digər zahiri əlamətləri və davranışları isə müxtəlif mifologiyalarda müxtəlif cür verilir.

 

Qədim Çin əfsanələrində əjdahalar xeyirxah, uğur gətirən və  təbiətə təsir edə bilən varlıq kimi göstərilir. Çinlilər inanırdılar ki, əjdahalar buludları bir yerə toplayaraq bol məhsul üçün lazım olan yağış yağdıra bilərlər. Əgər onlar qəzəblənsələr, quraqlıq və sel yaratmağa qadirdirlər. Çinlilər hətta indi də yeni ili qeyd edərkən üzərilərində uğur əlaməti saydıqları kağızdan hazırlanmış əjdaha gəzdirirlər.

 

Qərbdə və Avropada, o cümlədən Azərbaycanda əjdahalar şərin mücəssəməsi hesab olunur. Buna görə də nağıllarda qəhrəmanlar adətən əjdahalarla mübarizə apararaq onları məhv edirlər. Qərb nağıllarındakı əjdahalar mağaralarda və ya su altında yaşayırlar. Onların pərdəli qanadları, alov saçan nəfəsləri və bir neçə başları olur.