Bu maraqlıdır!

Ginnesin Rekordlar Kitabı dünyanın ən yaşlı iti sayılan Bobini siyahıdan çıxarıb

Ginnesin Rekordlar Kitabı yeni sorğudan sonra indiyə qədər dünyanın ən yaşlı iti sayılan Bobinin statusunu ləğv edib.

 

AZƏRTAC NTD news saytına istinadla xəbər verir ki, Ginnesin Rekordlar Kitabının direktoru Mark McKinley artıq Bobinin rekordçu kimi iddiasını dəstəkləmək üçün lazımi sübutların olmadığını deyib.

 

“Biz bütün rekordların dəqiqliyini təmin etmək üçün sübutların, şahidlərin və ekspertlərinin ifadələrini tələb edirik”, - deyə Mark McKinley bildirib. Onun sözlərinə görə, Bobinin mikroçip məlumatlarında sübutlar azdır və itin doğum tarixinə dair dəqiq məlumat yoxdur.

 

Açıqlamada Ginnesin Rekordlar Kitabının bu iddianı yoxlamaq üçün bir il vaxt sərf etdiyi deyilir.

 

Məlumata görə, 31 yaşlı çoban iti Bobi sahibi Leonel Kosta ilə Portuqaliyadakı fermaların birində yaşayıb. 2023-cü ilin fevralında dünyanın ən yaşlı iti elan edilən Bobi həmin ilin oktyabrında ölüb.