Odlar Yurdu

Massaget hökmdarı Tomris Xatun

Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatunun rəhbərlik etdiyi Massaget çarlığı Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yerləşirdi. Belə ki, massagetlər əvvəlcə Midiya dövlətinə tabe idilər. Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular. Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər onun tərkibinə daxil olmuşdular.
 
Məşhur yunan tarixçisi Herodot doqquz hissədən ibarət “Tarix” əsərində Əhəməni hökmdarı Kirin Araz çayından şimalda yerləşən (müasir Azərbaycan respublikası ərazisində) Massaget çarlığına yürüşü zamanı öldürüldüyü barədə məlumat vermişdi. “Tarix” kitabının bir neçə səhifəsini massagetlərə həsr etmiş  Heredot yazırdı: “Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar”. Bəzi mənbələrdə onları skif tayfalarından sayırlar. Bu tarixi coğrafiyanın təsdiqi və təsviri Tomrisin məhz azərbaycanlı olduğunu sübut edir.
 
Tarixi mənbələrə görə, massagetlər tayfasının şahı dünyasını dəyişdikdən sonra, tayfanın başına onun dul qadını Tomris Xatun keçir. Qonşuluqdakı Əhəməni hökmdarı Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. Ancaq Tomris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir. Elə buna görə də Tomris Xatın həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləsinin baş tutmadığını görüb, massagetlər üzərinə açıq hücuma keçməyi lazım bilir. Əyanları başına yığıb onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomrisin qoşununu gözləmək daha məqsədə uyğundur.
 
Tarixi məxəzlərdə qey edilir ki, Massagetlərin qoşununu yeyib-içdikdən sonra döyüşçüləri yuxu tutur. Onlar yuxuda ikən farsların hücumuna məruz qalırlar. Bir çoxları qətlə yetirilir, bəziləri əsir götürülür. Massagetlərin sərkərdəsi, Tomrisin oğlu Sparqapis də əsirlərin içərisində olur.
Qoşununun və oğlunun aqibətindən xəbər tutan Tomris Kirin yanına çapar göndərir. Çapar onun sözlərini Kirə çatdırır: “Qaniçən Kir! Öz hünərinlə öyünmə! Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən səni qan gölündə boğaram”. Kir bu sözlərə əhəmiyyət vermir. 
 
Şərabın dumanı başından çəkilən Tomirisin oğlu Sparqapis hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını istəyir. Əlləri açılan şahzadə özünü öldürür.
 
Tomiris bunu eşidir və qoşunu yığıb farsların üzərinə hücuma keçir. Bu, türk tayfalarının düşmənə qarşı ən böyük və ən qanlı döyüşü sayılır. Döyüşün gedişini tarixçilər belə təsvir edirlər: “Əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massagetlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kir öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab piyaləsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını piyalənin içinə soxaraq belə söylədi: “Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından”.