Planetimizin heyrətamiz ağacları
“Əjdaha qanı” ağacı (Dracaenacinnabari) Sokotra adasında (Yəmən) bitir. Təbiətin bu möcüzəsi xarici görünüşünə görə topa yaşıl yarpaqları ilə tərsinə çevrilən möhkəm gövdəli çətiri xatırladır. Ağacın hündürlüyü 10 metrdir.
Avstraliya baobabı butulka formasında olduğuna görə “Butulka ağacı” adlanır, Namibiya dağlarında bitir, onun süd şirəsi çox zəhərlidir. Qədim zamanlarda ovçular oxlarına bu şirədən çəkirmişlər. Çiçəkləmə dövründə budaqlarında çəhrayımtıl-qırmızı rəngli gözəl çiçəklər açır.
Dünyanın ən böyük ağacı ABŞ-ın Kaliforniya ştatının “Sekvoyya” Milli Parkında, Syerra-Nevada dağ massivindəki “Nəhəng meşə”də, bitir. Müxtəlif hesablamalara görə, ağacın təqribən 2800 il yaşı var. “General Şerman” adlı uzunömürlünün hündürlüyü 83 metr, gövdəsinin çevrəsi 24 metrdən çox, çətirinin çevrəsi isə təqribən 33 metrdir. Maraqlısı budur ki, ağac hələ də inkişaf edir. Onun diametri ildə 1,5 santimetr artır.
Madaqaskar baobabı təqribən 80 metr hündürlüyündə nəhəng ağacdır. Madaqaskar adasında bitən bu ağacın gövdəsinin çevrəsi təqribən 25 metrdir. Bəzi baobabların ömrü 1000 ildən çoxdur. Baobabın düz və hamar gövdəsində çoxlu miqdarda su toplanır. Bu da ağacı quraqlığa davamlı edir.
Bəhreyndə bitən “Həyat ağacı” ucsuz-bucaqsız səhralıq ərazidə yeganə ağacdır. Hündürlüyü 9,75 metr olan bu ağac artıq 400 ildən çoxdur ekstremal şəraitdə yaşayır. Yerli sakinlər bu yeri cənnət bağı adlandırırlar. Belə bir şəraitdə ağacın salamat qala bilməsinin səbəbi indiyədək məlum deyil. Ehtimala görə, ağacın dərinə işləyən kökləri inkişaf və həyat üçün dirilik suyunu oradan çəkir. UNESCO “Həyat ağacı”nı Dünya İrsi Siyahısına daxil edərək, onu öz himayəsinə götürüb.
“Göy qurşağı” evkalipti (Eucalyptusdeglupta) rəngbərəng gözəl gövdəsi olan ağacdır. Bu ağac həm də planetimizin uzunömürlü flora nümunəsidir. Yetərincə hündürdür, bəzən hündürlüyü 100 metrə çatır və daha çox olur. Gözəl rəngləri ağacın qabığının köhnə zolaqlarının daim laylanaraq parlaq açıq yaşıl rəngli daha cavan qabığı üzə çıxarması nəticəsində yaranır. Bu qeyri-adi gözəlliyin vətəni Yeni Qvineya, İndoneziya və Filippin adalarıdır.