Xəbərlər

Novruz mərdəkanlı uşaqlara qonaq gəlib

Mərdəkan, 17 mart, AZƏRTAC
 
Mərdəkan qəsəbəsindəki kimsəsiz və fiziki imkanları məhdud olan uşaqlar üçün 4 nömrəli internat məktəbində  böyük şadyanalıqla Novruz bayramı qeyd edilib. Şənlikdə kimsəsiz və valideyn himayəsindən məhrum olmuş  uşaqlar üçün 2 nömrəli internat məktəbinin və  11 nömrəli inteqrasiya təlimli internat məktəbinin yetirmələri də iştirak ediblər. 
 
İnternat məktəbinin ərazisində dekorativ-tətbiqi sənət və rəsm əsərlərindən ibarət sərgi açılıb. Uşaqlar qonaqlara ağac üzərində oyma sənətindən danışıblar. 
 
Nümayiş etdirilən əl işləri arasında ağacdan hazırlanmış miniatür milli musiqi alətləri, xalçaçılıq və tikmə nümunələri olub. Uşaqlar bu işləri hazırlamaq üçün müxtəlif materiallardan – şüşədən, muncuqdan, o cümlədən rəngbərəng daşlardan istifadə ediblər. 
 
Bahar ovqatı ilə bəzədilən səməni, bayram şirniyyatı,  xonça uşaqlarda  xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. 
 
İki nömrəli internat məktəbinin yetirmələrinin  nəfəsli orkestri  Azərbaycanın himnini ifa edib. Uşaqlar “Arşın mal alan” musiqili komediyasından  və “Üç donuz balası” nağılından səhnəciklər göstəriblər.
 
 Bayram tədbiri Novruz tonqalının ətrafında “Yallı” rəqsi ilə başa çatıb.