B

Bədii ağacyonma

Ağacyonma nümunələrinin hazırlanmasında ustalar əsasən üç texnoloji üsuldan- oyma, şəbəkə və xatəmkarlıqdan istifadə ediblər.
 
Şəbəkə müəyyən formalı çərçivə daxilində kiçik taxta parçalarının bir-birinə mismarsız bənd olunması ilə yaradılır. 
 
Əsasən həndəsi naxışlardan ibarət olan şəbəkə kompozisiyaları müxtəlif guşəli və içərisində rəngli şüşələr geydirilmiş xonçalardan- formalardan ibarətdir. Oyma texnikası da məişətimizə geniş nüfuz edib, daha çox taxta sütunların, pəncərə, qapı və məhəccərlərin hazırlanmasında, təhnə, çanax, tabaq, qaşıq kimi məişət əşyalarının bədiiləşdirilməsində- bəzədilməsində tətbiq olunub.
 
Ustalar taxta əşyalara (musiqi alətləri və mücrü) gözəllik vermək üçün  tez-tez xatəmkarlıq texnikasına (sədəf, fil sümüyü, kəhrəba, rəngli ağacdan istifadə) müraciət edirdilər. Əşrəf və Tofiq Rəsulovlar, Tələt Mərdi-Həqq, Alı və Zakir Əsgərovlar, Nizam Piriyev bədii ağacyonma sənətinin müasir durumuna layiqli töhfə vermiş sənətkarlardan sayılırlar.