Müasir incəsənət

Başlanğıcını çox qədim zamanlardan götürən incəsənətin bizim günlərdə “müasir incəsənət” adı ilə yeni təzahürlərinin yaranmasını təbii saymaq olar.
 
Müxtəlif adlarla (kubizm, futurizm, abstraksionizm, dadaizm, konseptualizm və.s) ötən dövrlərdə mövcud olan meyllərin bəzilərinin yenidən bir-birini əvəzləməsi əsl sənət xiridarları tərəfindən qanunauyğunluq kimi qəbul olunur.
 
Ancaq təəssüf ki, “yeni” cərəyan yaratmağa çalışanların tamaşaçısını xaotik biçimli bədii şərh oyunbazlığından çox, təqdim olunanların məzmun tutumu, ifadə sənətkarlığı maraqlandırdığını unudurlar.
 
Bu mənada ötən əsrdə öz qısa ömrünü başa vurmuş məlum meyllərin bu gün daha “mütərəqqi” görünə biləcək “avanqard sənət” adı ilə gündəliyə gətirmək uğursuz cəhddən başqa bir şey deyildir.
 
Belələri əgər qədim miniatürlərin və bədii sənətkarlıq nümunələrinin, Leonardo da Vinçi, El Qreko, Qoyya, Valaskes, Delakrua, Breygel, M.Mircavadov, S.Bəhlulzadə tablolarının bu günə kimi müasir qalmalarının  səbəbini bilməyə çalışaydılar, sənət axtarışlarını daha səmərəli istiqamətə yönəldərdilər. 
 
Bununla belə etiraf etmək lazımdır ki, forma-biçim baxımından duyulası dərəcədə müasir, məzmunca kifayət qədər düşündürücü əsərlər də az deyildir.
 
Heykəltəraşlıqda S.Quliyevin, Rüstəmov qardaşlarının, rəngkarlıqda Ə.Fərəcoğlu, F.Əkbərov və İ.Ənvəroğlunun, qrafikada A.Hüseynov, S.Qurbanov, N. Hacıyev, E.Aslanovun, dekorativ-tətbiqi sənətdə E.Mikayılzadə, Z.Heseynov, M.Avşar və digərlərinin yaratdıqları bu qəbildəndir.