Xəbərlər

Xaçmazda keçirilən inşa müsabiqəsinə 80 şagird qatılıb

Xaçmazın ümumtəhsil məktəblərinin 80 şagirdi “Milli mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin rayon mərhələsində iştirak edib.


AZƏRTAC xəbər verir ki, Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseydə təşkil olunan müsabiqənin iştirakçıları əvvəlcə görkəmli oftalmoloqun məktəbin həyətində ucaldılmış abidəsi qarşısına gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.


Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri biliklərini sınayıblar. 


“Milli mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə fəaliyyət planına əsasən keçirilir.


Rayon mərhələsində qalib seçiləcək bir şagird mart ayında Respublika finalında iştirak etmək hüququ əldə edəcək. İnşa yazıları Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə qalibləri müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəklər.