Xəbərlər

Bakıda Nobel mükafatı laureatı Lev Landaunun 110 illiyi qeyd edilib

Bakı şəhəri Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin “Alimlər uşaqlara” layihəsi çərçivəsində dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landaunun 110 illiyinə həsr edilən açıq dərs keçirilib. Bakıda doğulmuş Lev Landau bu məktəbdə təhsil alıb. Məktəbin müəllim və şagirdləri yubileylə əlaqədar bir neçə tədbir, o cümlədən alimlərlə görüşlər, açıq dərslər, təqdimatlar keçiriblər.


Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yekun dərsdə məktəbin şagirdləri Alika Əzizova, Vadim Solovyov və Aytən Babazani görkəmli alimin həyatı və elmi nailiyyətləri barədə məruzə ilə çıxış ediblər. Məktəbin yaradıcı qrupu Nobel mükafatı laureatının yubileyinə “Lev Landau müasir bakılıların gözü ilə” adlı film hazırlayıb. Filmdə arxiv materiallarından da istifadə edilib.  


Tədbirdə məktəbin direktoru Elida Rzayeva, Azərbaycan Rusdilli Müəllimlər Assosiasiyasının sədri, RİMM-in təhsil proqramlarının əlaqələndiricisi Lyubov Yakunina iştirak ediblər. Açıq dərsi məktəbin fizika müəllimləri Hicran Soltanova və Könül Hüseynova hazırlayıb.