YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mikroblar

Bir vaxtlar alimlər belə hesab edirdilər ki, dünyada ən kiçik canlı varlıqlar birələrdir. Heç kimin ağlına gəlmirdi ki, bizimlə yanaşı, daxildə və bizim ətrafımızda “gözəgörünməz” çox böyük aləm mövcuddur. Alimlər bu qəribə aləmi mikroskopun köməyi ilə öyrəndilər. Onlar əvvəlcə müşahidələrinə inanmadılar. Sonralar inanmağa başladılar və bu aləmin nümayəndələrini mikrob, yaxud mikroorqanizmlər adlandırdılar (yunanca “mikros” – “kiçik” deməkdir). 


Mikroskop mikrobların hər birini ayrı-ayrılıqda görməyə imkan verirdi. Buradan aydın oldu ki, bütün bu canlı varlıqlar, adətən tək bir canlı hüceyrədən ibarət olsalar da, onlar formasına, xüsusiyyətlərinə, həyat tərzinə və ətraf mühitə təsirinə görə saysız-hesabsızdır. Mikrobların içərisində birhüceyrəli bitki orqanizmləri sayılan bakteriyalar əsas yer tutur. Bakteriyalar hər yerdə - havada, torpaqda, suda və quruda, bitkilərdə və heyvanlarda yaşayır. Bəzi bakteriyalar olduqca zərifdir və çox tez məhv olur. Başqaları isə qaynar və donmuş suda belə sağ qalır, müxtəlif turşuların, qələvilərin və zəhərlərin təsirinə dözür.


Adi gözlə görə bilmədiyimiz bakteriyalar həyatımıza çox güclü təsir göstərir. İnsan, yaxud heyvan orqanizminə keçərək bakteriyalar qorxulu xəstəliklər – vərəm, vəba, qarayara, manqo, yatalaq, angina, taun, ağciyər iltihabı, müxtəlif irinli yaralar, yoluxucu qan xəstəlikləri  və s. əmələ gətirir. Bakteriyaların törətdiyi xəstəlikləri saymaqla qurtarmaz. 


Faydalı bakteriyalar da var. Bunlarsız həyat çox çətin olardı. Faydalı bakteriyalar südü qatığa, kefirə, üzüm şirəsini isə spirtə, sirkəyə, şəraba çevirir. Lakin bu bakteriyaların ən əsas faydası başqadır. Axı adi südü də içmək olar, şərabsız da, hətta sirkəsiz də keçinmək mümkündür. Sən demə, faydalı bakteriyalar olmasaydı, süd də, çörək də, ət də dəfələrlə az olardı! İş burasındadır ki, heyvanların həyatı bitkilərdən asılıdır, bitkilər azot çox olan torpaqda daha yaxşı inkişaf edir. Azotu isə torpağa orada yaşayan azotsevər bakteriyalar gətirir. Hələ bu harasıdır?!...


Əgər çürüdücü bakteriyalar olmasaydı, planetimiz tədricən məhv olmuş bitki və heyvanların çürüməmiş qalıqları ilə örtülərdi. Çürüdücü bakteriyalar sayəsində həmin qalıqlar nəinki məhv olur, həm də məhv olmuş bitki və heyvanların bədənindəki bütün maddələr fasiləsiz surətdə torpağa qaytarılır. Həmin maddələr torpağa qayıdıb, bitki və heyvanların yeni nəslinin inkişafına kömək edir.