Xəbərlər

ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib

Dekabrın 18-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tematik bal keçirilib. Tədbir Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (World Wide Diplomacy - WWD) tərəfindən təşkil olunub. Bakı Avropa Liseyinin və Müasir Təhsil Kompleksinin II-VI sinif şagirdləri gecənin iştirakçıları olublar.   


ADA Universitetinin əsas binasının birinci mərtəbəsində təşkil olunan tədbirdə prorektor Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb.


Tədbirin proqramı klassik Vyana balının protokoluna ciddi şəkildə uyğunlaşdırılıb: “polonez”dən başlayaraq fiqurlu valsadək bal rəqslərinin vacib siyahısı və “dress code”a ciddi riayət. Kübar tədbirdə ilk dəfə iştirak edən yuxarı yaşlı məktəblilər beynəlxalq ənənəyə uyğun olaraq, “debütant” statusunda və müvafiq olaraq bayramın əsas fiqurantı idilər.


Kiçik məktəblilər bayramda qədim dövrlərdən 1918-ci ilədək dünya diplomatiya tarixinə həsr olunmuş ədəbi-musiqili perfomans nümayiş etdiriblər. Tamaşada Misirin Amarna şəhərində tapılmış qədim diplomatiya arxivindən tutmuş Paris Sülh Konfransınadək sənədli materiallardan istifadə edilib. 


Balın orijinal formatı tarixi geyimlərin və pavana, menuet və digər orta əsr rəqslərinin tamaşaçılar tərəfindən dəyərləndirilməsinə şərait yaradırdı. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bal “master of ceremonies” tərəfindən idarə olunurdu.  Avropa Liseyinin müəllimlərindən biri bu vəzifəni öhdəsinə götürmüşdü.  


Tədbirin proqramında əsas diqqət Paris Sülh Konfransının iştirakçılarına həsr edilmiş mini tamaşaya ayrılıb. Tamaşanın hazırlanmasında Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” sənədli filminin materiallarından istifadə edilib.