Xəbərlər

“Junior Show Your Dance 2018” rəqs müsabiqəsinin qalibləri mükafatlandırılıb

Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Junior Show Your Dance 2018” rəqs müsabiqəsi keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşı Elnarə Mirzəyeva, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim heyəti, şagirdlər, valideynlər və fəal gənclər iştirak ediblər.

 

On səkkiz məktəbdən 60 şagirdin iştirak etdiyi müsabiqə iki seçim turundan və final mərhələsindən ibarət olub.

 

Final mərhələsinə 10 nəfər vəsiqə qazanıb. Bu mərhələdə gərgin mübarizə nəticəsində 3 nominasiya üzrə (milli rəqs, müasir rəqs və xarici rəqs) qaliblər müəyyən olub. Eyni zamanda, müsabiqənin final mərhələsində qalib məktəblərlə yanaşı, “Gülüm” rəqs qrupu və “Show Your Dance”-ın 2017-2018-ci illərin qalibləri, İdman Akademiyasının tələbələri çıxış ediblər.

 

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla, münsiflər heyəti isə təşəkkürnamələrlə təltif olunublar.