Görkəmli şəxsiyyətlər

Corco de Kiriko

İtalyan sürrealist rəssam Corco de Kiriko (Giorgio de Chirico) Yunanıstanın Volos şəhərində dünyaya gəlib. Atası dəmiryolları tikintisində mühəndis işləyib.


Afina Politexnik İnstitutunda rəsm və naxış sahəsində təhsil alıb. Atasının ölümündən sonra ailəsi 1906-cı ildə Münhenə köçüb. Kiriko burada Rəssamlıq Akademiyasında təhsil alıb. 1909-1911-ci illərdə İtaliyanın Milan və Turin şəhərlərində yaşayıb. Daha sonra 1911-ci ildə Parisə gedıb, orada “Appollinaire” mühitinin avanqard şair və yazıçıları tərəfindən çox bəyənilib.


Afinada və Münhendə rəssamlıq təhsili alan Kiriko Arnold Böklinin (Arnold Böcklin) əsərlərindən təsirlənib. Ancaq 1911-1913-cü illərdəki əsərlərində Qustav Klimt, Maks Klinqer və Alfred Kubinin təsirini görmək olur. Əlavə olaraq, Nitsşe və Şopenhauerin fəlsəfəsinə maraq duyub. Bu insanlar Kirikonun dünya və incəsənətlə bağlı düşüncələrinin formalaşmasında böyük rol oynayıblar.


1915-ci ildə İtaliyaya qayıdıb və orduya yazılıb. 1917-ci ildə isə Ferrarada Karlo Karra ilə tanış olub və birlikdə Metafizik rəssamlığın (Pittura Metaphisica) əsasını qoyublar.
Qəribə memarlıq üslubunda olan şəkilllər (adam olmayan tənha şəhərlər, fabriklər, qədim Yunan və Roma qalıqları) ortasında xətkeş, pərgar, şar, taxta maniken kimi bir-biri ilə əlaqəsiz nəsnələri bir yerə toplayaraq incə bir ustalıqla saysız kompozisiyalar yaradıb. Bu xüsusiyyətlərinə görə Kiriko sürrealizmin öncüllərindən biri hesab edilir. Kirikonun 1915-ci il əsərləri maniken fiqurundan və müxtəlif həndəsi əşyaların bir yerə toplanmasına əsaslanan metafizik məzmunlu qapalı məkan görüntülərinə yönəlib. Ağız, burun, göz kimi nəsnələri olmayan mexaniki canlıların olduğu bu melanxolik rəsmlərində nəsnənin insan duyğusu üzərində yaratdığı təsirin plastik qarşılığını tutmağa çalışıb.


Kiriko 1920-ci ildən sonra bir növ mistik neoklassisizmə (yeni klassisizm) yönəlib. Bu dönəmdəki rəsmlərində antik fiqurlar böyük yer tutur. Metafizik rəsmlərindəki sirli ab-havanı artıq daha yumşaq və daha az kəskin olan sxematik bir tərz əvəz edib.


Kirikonun əsərlərində sonsuzluğun ifadəsi var. Məkanda davamlılığı təlqin edən kəmərli, boş meydanlar bəzən tək insan fiquru ilə daha da mənalandırılır. Bu təsvirlər sonsuzluq, yalnızlıq, sərhədsizlik duyğularını oyadır. Əsərlərdə istifadə edilən soyuq, solğun bir işıq, boz və qəhvəyi rənglər atmosferə melanxolik bir görüntü verir. 1935-də İtaliyaya dönəndə əsərlərinin bu ilk dönəmini inkar edir və zaman-zaman Rubenzi və Renoiri xatırladan yeni bir üslubdan istifadə etməyə başlayır.

1970-ci ilin noyabrında Romada vəfat edib.

Kiriko Modilyanidən sonra XX əsrin rəsm sənəti üzərində böyük təsir yaradan italyan rəssamlardan biri olub.