Xəbərlər

Şönbrunn heyvanat bağı beşinci dəfə Avropanın ən yaxşı zooparkı seçilib

Dünyanın fəaliyyətdə olan ən qədim zooparkı – Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Şönbrunn heyvanat bağı beşinci dəfə Avropanın ən yaxşı zooparkı adına layiq görülüb.


40 kateqoriya üzrə aparılan sıralamada heyvanların saxlanma şəraiti, zooparkda saxlanan heyvan növlərinin rəngarəngliyi, tədqiqat fəaliyyəti, zoopedaqogika sahəsində təşəbbüslər, illik seyrçi sayı və digər faktorlar diqqət mərkəzində dayanıb. Bu zoopark mümkün 280 xaldan 243 xal əldə edərək, Avropanın ən tanınan digər 29 zooparkını arxada qoyub.


Şönbrunn heyvanat bağı illik seyrçi sayı bir milyondan yuxarı olan A kateqoriyalı zooparklar sırasında ön yerlərdən birini tutur.  Bu heyvanat bağına hər il orta hesabla 2,2 milyon nəfər gəlir və uşaqların ən sevimli gəzinti məkanlarından biridir. Zooparka məşhurluq gətirən məqamlar sırasında onun 17 hektarlıq geniş bir ərazidə yerləşməsi və burada saxlanan heyvanlar üçün yüksək saxlanma standartlarının mövcud olmasıdır.


Zooparkın direktoru Daqmar Şratter bildirib ki, bu mükafat onun işçilərinin göstərdiyi fəaliyyətə verilən ən yüksək qiymətdir və onları gələcəkdə yeni layihələr üçün həvəsləndirəcəkdir. Belə ki, yaxın gələcəkdə zoopark rəhbərliyi yeni akvarium evi və qaranquşabənzər tutuquşular aviariya (quşların sərbəst uça biləcəyi böyük qəfəslər) layihələrini gerçəkləşdirmək istəyir.


1752-ci ildə Avstriyada hökmranlıq edən Habsburqlar sülaləsi tərəfindən imperator ailəsinin şəxsi heyvanat bağı kimi əsası qoyulan Şönbrunn zooparkında hal-hazırda 746 növ müxtəlif növ heyvan saxlanılır. Burada tamının tanıdığı heyvanlarla yanaşı nəsli kəsilməkdə olan və ekzotik növlər saxlanılır, eləcə də elmi tədqiqatlar aparılır.


2008-ci ildə böyük britaniyalı zoologiya eksperti və vəhşi təbiət entuziastı Antoni Şeridan tərəfindən təsis edilən “Avropanın ən yaşı zooparkı” mükafatı (Best European Zoo Award) hər iki ildən bir ən yaxşı zooparka təqdim olunur.


Builki sıralamada Şönbrunn heyvanat bağından sonrakı yerlərdə Laypsiq (Almaniya) və Sürix (İsveçrə) zooparkları dayanır.