Odlar Yurdu

Çovqan və ya çövkən - Azərbaycanda milli atüstü oyun növlərindən biri

Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir.
 
Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və “Kitabi-Dədə Qorqud” boylarından isə məlum olur ki, Azərbaycanda çovqanın tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır.
 
Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində ingilislərin rolu böyük olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır.
 
Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir.
 
Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə gəlmək olur ki, ölkədə idman çox qədim bir tarixə malik olmuşdur. Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət, və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, dirədöymə, oxatma, qılıncoynatma, nizə atma, atçapma, Çovqan, Sürpapaq, Baharbənd, daşqaldırma, şahmat və sair idman oyunları geniş yayılmışdır. Ölkədə tarixən mövcud olan bu idman ənənəsi müxtəlif növlərdə qorunub saxlanmış, müasir dövrədək gəlib çatmışdır.
 
Bildiyimiz kimi xalq nağıllarında məharətlə at sürən, ox atan, güləşən adamlar haqqında məlumatlar çoxdur. Azərbaycanın dahi şairi, tarixçi, etnoqraf alimi Nizamilmülkün tarixi sənədlər əsasında yazdığı “Şərəfnamə” əsərində çövkan oyunu haqqında məlumat verir. Çövkan və yaxud çoğan sözü Azərbaycanda “ağaccıq” kimi işlədilmişdir. Çövkan oyununun adı oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkan adlandırılan alətdir. Oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
 
Azərbaycanda çövkan oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Şirin çövkan meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər oynayan qızlar da təsvir edilmişdir.
 
Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə artıq üçüncü ildir ki, Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnir keçirilir. Yarışlar və kubok uğrunda turnirlər Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. Sayca üçüncü olan turnirə dekabrın 19-da start verilmiş, dekabrın 22-də isə final oyunu ilə başa çatmışdır. Yarışın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzidir.
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atı ilə oynanan çövkən oyunu milli Azərbaycan oyunu kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.