Mədəni irsimiz

Fikrət Əmirov və “Min bir gecə” baleti

Fikrət Əmirov XX əsr Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrindən biridir. 1922-ci ildə Gəncə şəhərində anadan olan Fikrət Əmirov musiqi təhsilini  Bakı Konservatoriyasında alıb.
 
Fikrət Əmirovun simfonik muğam janrının yaradıcısıdır. Bu janrda yazılmış “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərləri bəstəkara dünya şöhrəti qazandırır. 
 
Onun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” , “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir. O, Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub.
 
Musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradan bəstəkarın “Min bir gecə”, “Nəsimi” baletləri də tamaşaçıların xüsusi rəğbətini qazanıb. Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. “Fortepiano üçün 12 miniatür” əsər, “Ulduz” , “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də efirdə tez-tez səslənir. O, həmçinin dram tamaşalarına, “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və digər filmlərə yaddaqalan maraqlı musiqi bəstələyib.
 
Gözəl musiqiyə malik “Min bir gecə” baleti Fikrət Əmirovun yaradıcılığında xüsusi yer tutur və bəstəkara dünya şöhrəti qazandırıb. Bəstəkar, quruluşçu baletmeyster, Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Nailə Nəzirova və Xalq Rəssamı Toğrul Nərimanbəyovun birgə yaradıcılıq səyi çox gözəl bir sənət əsərinin yaranması ilə nəticələnmişdir. “Min bir gecə” baleti müəllifə ölkəmizdə və onun hüdudlarından kənarda böyük şöhrət gətirib. 
 
Əsərin premyerası 1979-cu ildə Azərbaycan Opera və Balet Teatrında olub. Tamaşaya Xalq Artisti, Dövlət mükafatı laureatı Nazim Rzayev dirijorluq edib. Sonra Moskva, Leninqrad, Tbilisi, Novosibirsk, Dnepropetrovsk və keçmiş SSRİ-nin bir çox şəhərlərinin səhnələrində göstərilib.
 
“Min bir gecə”  tamaşasının müəllifləri bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, dirijor Nazim Rzayev, rəssam Toğrul Nərimanbəyov və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülüblər.