Xəbərlər

Musiqili Teatrda maraqlı Yeni il proqramı

BAKI, 27 noyabr (AzərTAc). Dekabrın 25-dən 2015-ci il yanvarın 10-dək Azərbaycan Dövlət Musiqili Teatrında Yeni il şənlikləri keçiriləcək. Hər il olduğu kimi bu il də balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa gözləyir. Yeni il bayram proqramlarının personajları olan Şaxta baba və Qar qız balacaları Şarl Perronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edəcək.
 
Yeni il şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehrli pərilər, oyunbaz cırtdanlar, cadugər, Santa Klaus, Makdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir.  “Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq Şahzadə isə balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – Şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq. 
 
Tədbirin sonunda Şaxta baba hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək. Yeni il şənliklərinə və  “Yatmış gözəl və cırtdanlar” tamaşasına biletləri teatrın və şəhərin kassalarından əldə etmək olar.