Xəbərlər

6 Aprel – İlk Olimpiya Oyunlarının Keçirildiyi Gündür

Qədim Yunanıstanda mövcud olmuş Olimpiya Oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdir. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. (Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil.)

 

1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994- cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya Oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur. Qədim Yunanıstanda Olimpiya Oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Orada stadion, teatr və məbəd müqəddəs yer sayılmışdır.

 

Burada iki şəhərdə – Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi. Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, şeir, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirirdilər. Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub saxlamışdır.

 

Olimpiya Oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır. Müasir Olimpiya oyunlarını bərpa edərkən baron Pyer de Kuberten olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.