Xəbərlər

Yol hərəkəti qaydalarına dair bilik yarışı

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışın məqsədi məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da artırmaq və istedadlı uşaqları aşkar etməkdən ibarətdir. Yarışda Bakı şəhərinin müxtəlif məktəblərindən seçilmiş 30 şagirddən ibarət 6 komanda iştirak edib.

 

Komandaların çıxışları Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, İctimai Təhlükəsizlik İdarəsi və yol təhlükəsizliyi üzrə ekspertlər tərəfindən qiymətləndirilib.

 

Yarışın nəticəsinə əsasən, Bakı şəhəri Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin “Sürücülər” komandası I, Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin “Qırmızılar” komandası II, Yasamal rayonu 158 nömrəli tam orta məktəbin “Sərnişinlər” komandası isə III yerə layiq görülüb.

 

Qalib komandalar və komanda üzvləri diplom və medallarla təltif olunub. Bütün iştirakçılara 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşəkkürnamə təqdim edilib.

 

Eyni zamanda, məktəblilər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.