Xəbərlər

Respublika Günü məktəblərdə qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində 28 May - Respublika Gününə həsr olunan konfranslar, mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, idman yarışları təşkil edilib.

 

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə müsəlman Şərqində ilk demokratik respublika olan Cümhuriyyətin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, fəaliyyət göstərdiyi qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahələrinə verdiyi töhfələrdən danışılıb. Ölkəmizin dövlət müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açılıb.

 

Tədbirlərdə Cümhuriyyət dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, respublikamızın inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

 

“Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Cümhuriyyət tariximizin qızıl səhifəsidir”, “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır”, “Azərbaycanın dünəni və bu günü”, “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı tədbirlərdə şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Cümhuriyyətin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər nümayiş olunub.