Xəbərlər

Suraxanıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə aztəminatlı ailələrdən, valideyn himayəsindən məhrum olan uşaqlar, habelə xüsusi qayğıya ehtiyacı olan, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda, rayon ərazisində yerləşən uşaq bağçalarında, məktəblərdə tərbiyə alan uşaqlar və məktəblilər iştirak edib.

 

Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir.

 

“Bu gün Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət var. Prezident İlham Əliyev daim uşaqlara diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, onlara əsl ana qayğısı göstərirlər”, - deyə B.Bərxudarov vurğulayıb.

 

Sonra rayon məktəblilərinin, 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin hazırladığı bədii-əyləncəli proqram təqdim olunub.

 

Bayram tədbirini uşaqlar böyük sevinclə qeyd ediblər.