Görkəmli şəxsiyyətlər

Mirvarid Dilbazi

Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. 
 
 
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır. 
 
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”
 
Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə almışdır ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.
 
Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
 
“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazmışdı.
 
 
Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
 

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

 

Öz içindən yanan bir ocağam mən,

Yandıqca daha gur yanacağam mən!

 

- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

 

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi,1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq Şairi fəxri adına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.