Xəbərlər

Beynəlxalq Baytar Həkimi Günü

Bakı, 28 aprel, AZƏRTAC  

 

Hər il dünyanın bir çox ölkəsində aprelin son şənbə günü Beynəlxalq Baytar Həkimi Günü kimi qeyd edilir. 2000-ci ildə Dünya Baytarlıq Assosiasiyası (WVA) tərəfindən yaradılan Beynəlxalq Baytar Həkimi Gününün (Dünya Baytarlıq Günü)  məqsədi dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini vurğulamaq, heyvanların sağlamlığı və rifahının yaxşılaşdırılmasına dair tövhələr verməkdir.

 

Baytar həkimi köməyə ehtiyacı olan heyvanların müalicəsi ilə məşğul olur. Bəzən heyvanların müdafiəyə ehtiyacı insanlardan daha çox olur. Heyvan və quşları müalicə edən həkimlər əlbəttə, dördayaqlı və qanadlı xəstələrindən təşəkkür sözləri eşitmirlər, amma heç şübhəsiz, heyvanlar da öz xilaskarlarına qarşı insanlar kimi minnətdarlıq hissi keçirirlər. Bu gün baytar həkimlər baytarlıq klinikalarında, stansiyalarında, zooparklarda və kənd təsərrüfatı müəssisələrində çalışırlar.