Xəbərlər

Bakı Avropa Liseyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş açıq dərs keçirilib

Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən, Bakı Avropa Liseyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qanla yazılmış şanlı tariximiz” mövzusunda  açıq dərs keçirilib.

 

Liseyin 4a3 sinif şagirdlərinin iştirakı ilə keçirilən açıq dərsdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.


Sinif rəhbəri Nigar Osmanlı öz növbəsində bildirilib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən bu qanlı faciə insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. 


“Tarixini bilməyən gələcəyini qura bilməz. Həmişə tarixinizi dərindən öyrənin” fikirlərini Bakı Avropa Liseyinin direktor müavini Aygün Məcidova çıxışında səsləndirib. 


Çıxış edən şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrlərində azadlıq uğrunda mübarizələrdən danışıb. Bununla yanaşı, xalqımızın  milli  qürurunun  heç  bir  xarici  düşmən  tərəfindən  sındırıla  bilməyəcəyini,  müstəqilliyimizin  əbədi  və  daimi  olduğunu ifa  etdikləri  şeir  parçalarında  iftixar  hissi ilə  səsləndiriliblər. Qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıblar.  “Şəhidlər”  və “Ağla, qərənfil, ağla” şeirlərini söyləyib, “İgid əsgər möhkəm dayan” və “Əsgər marşı” mahnılarını ifa ediblər.

 

Bakı Avropa Liseyinin direktor müavini Səadət Cahandarova isə “Qanlı yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı var olduqca bu tarix unudulmayacaq” deyib. 

 

Sonda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan «Qalx ayağa, Azərbaycan» adlı ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Qanlı Yanvar ilə bağlı qısametrajlı film nümayiş etdirilib.