Görkəmli şəxsiyyətlər

Teodor Drayzer

Dünya şöhrətli Amerika yazıçısı və ictimai xadim Teodor Drayzer 1871-ci il avqustun 27-də İndiana ştatının Terre-Hote şəhərində alman emiqrantı Con Drayzerin ailəsində anadan olub. O, ailənin doqquzuncu övladı idi. Kasıbçılıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı.


1889-ci ildə İndiana universitetinə qəbul olub, lakin ehtiyac ucbatından təhsilini yarımçıq qoyub.


1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhər qəzetlərində işləyib. 


1900-cu ildə ilk irihəcmli əsəri olan "Kerri bacı" romanını yazıb. 1250 nüsxədə çap edilən kitabın yalnız 450 nüsxəsi yayılıb. Tənqidçilər Drayzeri qəddarlıqda, əxlaqsızlıqda, gəncləri pis yola sürükləməkdə, “çəhrayı Amerika” romançılığına zərbə vurmaqda təqsirləndiriblər. Bu əsərinə görə 68 dollar 40 sent qonorar alan otuz yaşlı yazıçı yaradıcılığına tam 10 il ara verməyə məcbur olub.


1907-ci ildə İngiltərədə yenidən işıq üzü görən "Kerri bacı" romanı bestsellerə çevrilib və tənqidçilərin yüksək rəyini alıb. Bütün Avropa dillərinə çap olunan roman yalnız bundan sonra yazıçının vətənində də şöhrət tapmağa başlayıb. Əsər hazırda XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırılır.


1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsiri əks etdirən hekayə və esselər yazmağa başlayıb. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan və ədibin ən məşhur əsəri olan "Amerika faciəsi"nin mövzusunu təşkil edib.


1927-ci ildə Drayzer oktyabr inqilabının 10 illik yubileyi münasibəti ilə bağlı SSRİ-yə səfər edib. Bu səfər zamanı bir çox şəhərləri gəzən ədib Bakıda da olub. Səfər təəssüratlarını “Drayzer Rusiyaya baxır” publisistik əsərində qələmə alıb.


1945-ci ilin iyulunda Amerika Kommunist partiyasına üzv olan Teodor Drayzer elə həmin il dekabrın 28-də 75 yaşında Los-Anceles ətrafındakı Hollivud rayonunda (Kaliforniya ştatı) dünyasını dəyişib və yerli məzarlıqda dəfn edilib.


Yazıçının ən məşhur əsərləri: "Kerri bacı" (1900"), Cenni Herhardt" (1911), "Arzular trilogiyası": " Maliyyəçi" (1912), "Titan" (1914),  "Dözümlülük" (tamamlanmamış, 1947), "Dahi" (1915), "Amerika faciəsi" (1925), "Dayaq" (1946) romanlarıdır.