Xəbərlər

Astarada məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib

Astara Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədilə 2006-2007-ci il təvəllüdlü məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

 

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, birinciliyin məqsədi Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramının, “Bədən tərbiyəsi və idman haqqında” qanunun müvafiq maddələrinin həyata keçirilməsi, uşaq və yeniyetmələr arasında futbolun kütləviliyinin, yeniyetmə futbolçuların ustalıqlarının artırılması və onlar arasında futbola marağın yüksəldilməsidir. Eyni zamanda, yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədilə rayonun yığma komandasının heyətinin formalaşdırılması da yarışın əsas məqsədlərindən olub.

 

Maraqlı idman mübarizəsinin sonunda Astara şəhər 1 və 2 saylı tam orta məktəblərin komandası müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.

 

Qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıb.