Xəbərlər

Şagirdlərə fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları öyrədilib

Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC 

 

1 Mart - Dünya Mülki Müdafiə Günü ilə əlaqədar Xaçmazdakı idarə, müəssisə, təhsil ocaqları və inzibati ərazi dairələri üzrə metodiki toplanışlar, nümunəvi təlimlər və məşğələlər təşkil edilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən təlimin nəzəri hissəsində şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, fövqəladə hallar zamanı istifadə edilən avadanlıqlar nümayiş olunub.

 

Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “zəlzələ” həyəcanı elan olunub. Məktəblilər zəlzələ zamanı təhlükəli zonadan təxliyyə olunma qaydalarını, yaralanmış şəxslərə ilk tibbi yardım üsullarını göstəriblər. Şagirdlərin təlimatlandırılması və maarifləndirilməsi məqsədilə məktəbə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb edilib.

 

Rayon icra hakimiyyətinin, Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin təşkilatçılığı, eləcə də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının yaxından iştirakı ilə keçirilən təlimlərin əsas məqsədi vətəndaşları, xüsusilə də məktəbliləri maarifləndirmək, onlara fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına necə riayət etməyi öyrətməkdən ibarət olub.