Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Milli Məclisdə qeyd olunub

Bakı, 1 iyun, AZƏRTAC 
 
 
Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda “dəyirmi masa” keçirilib. 
 
 
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. 
 
 
 
Tədbirdən əvvəl uşaqlar Milli Məclisin iclas salonuna baxıblar, Parlamentin binasındakı "Heydər Əliyev xatirə zalı" ilə tanış olublar.  
 
 
Tədbir çərçivəsində Milli Məclisin foyesində müxtəlif yaşda uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə kiçik yaşlı rəssamların əl işləri yer alıb. Müxtəlif mövzuları əhatə edən rəsmlər böyük maraqla qarşılanıb. Uşaqların əl işləri sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkəmizdə uşaqların sosial müdafiəsi, təhsili, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.  
 
 
Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
 
 
Sonra uşaqların sualları cavablandırılıb. Müxtəlif tədbirlərdə qalib gələn uşaqlara diplomlar təqdim edilib. Tədbirdə uşaqların ifasında musiqilər səsləndirilib.