Dastanlar

Şəhriyar dastanı

Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir.

 

Dastan XVIII əsr yazılı ədəbiyyatımızın, xüsusən nəsrimizin gözəl nümunələrindəndir. “Şəhriyar”ın iki nüsxəsi bizə gəlib çatmışdır. Əsərlə tanışlıq göstərir ki, onun müəllifi Məhəmməd dövrünün adlı-sanlı şair və nasiri olmuşdur. Mövzunu folklordan alan müəllif onu özünəməxsus bir şəkildə işləmiş, qədim dastanı Öz yaradıcılıq süzgəcindən keçirərək olduqca maraqlı bir əsər yaratmışdır.

 

Dastana görə hadisə Şah Abbasın dövründə baş vermişdir. Sənubər Kirman bəylərbəyi Cahangir xanın qızıdır. Şəhriyar isə adi sevən oğlandır. Bir sıra əsərlərdə olduğu kimi, "Şəhriyar"da ictimai bərabərsizlik, haqsızlıq hökm sürür. Dastanın baş qəhrəmanı Şəhriyardır.

 

Əsərin adı qoşa aşiqin yox, baş qəhrəmanın adı ilə bağlıdır. Klassik məsnəvi və dastanlarda olduğu kimi "Şəhriyar"da da eşqin tarixçəsi də, qəhrəmanın dünyaya gəlişi də qeyri-adidir. Əsərdə göstərilir ki, Tiflis şəhərində yaşayan Saleh adlı bir tacirin övladı olmurmuş, bu da onu kədərlənldirirmiş. Bir gün o, Soğanlıq deyilən ərazidə iki uşağı bir zalımın əlindən qurtarır. Bir müddətdən sonra həmin tacirin oğlu dünyaya gəlir. Adını Şəhriyar qoyurlar. Uşaq tezliklə böyüyür, öz "camal və kamal”ı ilə tanınmağa başlayır. Günlərin birində o, Kirman hakimi Cahangir xanın qızı Sənubəri yuxuda görür və ona vurulur. Sənubər xanım da Şəhriyarın eşq badəsini içir. Əsərin ana xətti sevgi, məhəbbətdir. Müəllif göstərməyə çalışır ki, məhəbbət aləmində şah da, adi insan da birdir.

 

Şəhriyar eşqinin elə ilk anlardan düyünə düşdüyünü anlayıb, əlac axtarmağa çalışır. O, sazını götürüb Kirman elini gəzib-dolanmağa başalyır. Öz sözü, ağıl-kamalı ilə çoxlarını heyran edir. Şəhriyarla Sənubərin görüşü dastanın ən gözəl, ən cazibədar yeridir. Bu səhnədə ilk dəfə olaraq iki aşiq, iki döyünən ürək üz-üzə gəlir, röya, yuxu həqiqətə çevrilir. Dastanda aşiqin muradına çatması, öz sevgilisinə qovuşması müəllif tərəfindən xüsusi incəlik və yüksək peşəkarlıqla qələmə alınmışdır. "Şəhriyar" dastanında kamil, dolğun qadın surətləri vardır. Şəhriyarın anası Zöhrəbəyim nəcib, təmkinli, qayğıkeş bir anadır. O, oğlunun məhəbbətindən xəbərdar olan kimi iztirab çəkir, çıxış yolu arayıb axtarmağa çalışır. Zöhrəbəyim surəti orta əsr Azərbaycan ədəbiyyatı tarixində yeni bir ana-qadın surətidir. Hadisələr Azərbaycanda, Gürcüstanda, Şəmsəddin mahalında, Kirman və Gəncədə cərəyan edir. Əsərdə Əmirli, Qazax, Soğanlı, Ortaçala, Zəyəm, Tovuz, Dağıstan, Sınıq körpü, Qarayazı meşələri, Ozan məhləsi və s. yer adları da çəkilir.

 

"Şəhriyar" dastanı hadisələrin bədii tutumuna, əhatə dairəsinə görə roman da adlandırıla bilər. Əsərin dili sadə, şeirləri isə qoşma, qəzəl, gəraylı, müxəmməs biçimindədir. 1960-ci ildə çap olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" və 1982-ci ildə nəşr edilmiş "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" kitablarında "Şəhriyar" dastanı haqqında ətraflı məlumatlar verilmiş, məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.