Təbiət

Alkaloidlər

Alkaloidlər fizioloji aktiv birləşmələrdir. Ən sadə alkaloid molekullarında 10-dək, çox mürəkkəblərində isə 50-dən artıq karbon atomu var.

 
"Alkaloid" ("qələvi kimi") termini 1819-cu ildə əczaçı V. Meysner tərəfindən təklif edilmişdir. Həqiqi alkaloid dörd şərtə cavab verməlidir: 1) azot atomu heterosiklik sistemin bir hissəsi olmalıdır; 2) birləşmə mürəkkəb molekulyar quruluşa malik olmalıdır; 3) əhəmiyyətli farmakoloji aktivliyə malik olmalıdır və 4) bitki mənşəli olmalıdır.
 
Bitkilərdə alkaloidlərin əmələ gəlməsi və toplanması mühitdən, torpaqdan, bitkinin inkişafından və s. asılıdır. Bitkilərdən alkaloidlərin (məsələn, morfinin) çıxarılması və quruluşunun təyin edilməsi probleminin həlli yüz illər çəkmişdir. Alkaloidlərdən bir çoxu, məsələn, kofein, teofedrin, arekolin və s. sintez olunur. Sənayedə quruluşça alkaloidlərə oxşar, effektli dərman maddələri hazırlanır. Quruluşlarının çox müxtəlif olması alkaloidlərin təsnifatını çətinləşdirir. Çox vaxt molekulun azotlu hissəsinin quruluşu təsnifat uçün əsas əlamət götürülür. Onlar bitkilər üçün həm qoruyucu (heyvanlar və həşəratlar tərəfindən yeyilməkdən qorunur), həm də hormonal funksiyaları daşıyırlar.
 
Alkaloidlərin çoxu qiymətli dərman maddəsidir. Bəziləri güclü zəhərdir. Bəzi alkaloidlər sinir sisteminin, qan damarlarının, əzələlərin və s. müxtəlif hissələrinə seçici (selektiv) təsir edir.