Odlar Yurdu

Atəşgah od məbədi

Atəşgah – qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir.

Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni zərdüşt dininə sitayiş edirdi. VII əsrdə islam dininin yayılması ilə əlaqədar başlanan və üç yüz il davam edən ərəb ekspansiyası dövründə zərdüştliyə sarsıdıcı zərbə vurulur.

Atəşpərəstlər təqib olunur, atəşgahlar dağıdılır. Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi də məhz ərəb istilası dövründə dağıdılıb. XV əsrdən sonra Hindistanla yaranan iqtisadi və mədəni əlaqələrin inkişafı nəticəsində hindli atəşpərəstlər yenidən Abşerona gələrək, Suraxanı Atəşgahını bərpa edirlər. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. 

Hazırda sahəsi 1368 kvadratmetr, yaxud 0,14 hektar olan “Atəşgah” 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də, 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun filialına çevrilmişdir.