Görkəmli şəxsiyyətlər

Yasek Palkeviç – XX yüzilliyin son coğrafi kəşfinin müəllifi

Səyyahlar Afrika, Amerika, Asiya və Okeaniyaya aparan dəniz marşrutlarını və yeni torpaqları çoxdan kəşf edib və artıq naməlum torpaqlar qalmayıb. Yer kürəsində hələ kəşf edilməmiş çox yerlər olduğunu hesab edən coğrafiyaşünaslar isə bununla razı deyillər.


XX əsr coğrafi kəşflərlə zəngindir. Dünya okeanının, Antarktidanın tədqiqi, Comolunqmanın fəthi, Yerin və Kosmosun sirlərinin öyrənilməsi... Lakin bu gün XX yüzilliyin son coğrafi kəşfi – Amazonka çayının mənbəyinin dəqiq yerləşmə nöqtəsini, daha doğrusu bu kəşfi edən tədqiqatçı barədə məlumat vermək istəyirik.


“İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeninin sahibi, Rusiya Coğrafiya Cəmiyyətinin və Londondakı Kral Coğrafiya Cəmiyyətinin üzvü, 30 kitab və Avropanın məşhur jurnallarında yüzlərlə reportajın müəllifi...

 

Bu şəxsin hələ sağlığında dünya tarixində iz qoyan və əfsanəyə çevrilən nailiyyətləri və mükafatlarını çox sadalamaq olar. Lakin sizin intizarda saxlamaq istəmirik: burada söhbət əfsanəvi polşalı tədqiqatçı-reportyor Yasek Palkeviçdən gedir 


1942-ci il iyunun 2-də anadan olan Yasek Palkeviç dünya macəra eposuna qorxmazlıq nümunəsi olan maraqlı səhifələr yazıb. O, Qobi və Saxara səhralarından, Borneodan (bir sahilindən digərinə), Skeletlər sahili səhrası ilə, Oymyakonda soyuq qütbünə ekspedisiyalara rəhbərlik edib.

 

Avropa və Asiya arasında sərhəd xəttini dəqiqləşdirməyə çalışıb, Dersu Uzalanın izləri ilə səyahət edib. O,1994-cü ildə “Trud” qəzetinin himayəsi altında Krasnoyarsk diyarına Yerin bütün sakinlərini planetimizi qorumağa çağıran və heyətində 5 ölkənin kosmonavtları olan ekoloji missiyanın təşkilatçısıdır. Lakin, əsasən, könüllü şəkildə “qəzaya uğrayan” rolunda Atlantik okeanını xilasetmə qayığında keçməsi ilə fəxr edir.


1982-ci ildə Palkeviç peşəkar səyyah kimi özünün müstəsna təcrübəsindən istifadə edərək Avropada ilk sağqalma məktəbinin əsasını qoyub. Ekstremal şəraitdə ağır iqlim zonalarında insanın fiziki imkanlarının həddini tədqiq edib. Antiterror briqadalarını cəngəllik və səhra şəraitində fəaliyyətə hazırlayıb, Cənubi Amerikada Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə təlim keçib. 1998-ci ildə “səyahət haqda ilin ən yaxşı kitabı” nominasiyasında “Kəhrəba Kəpənək” mükafatını qazanıb.


1996-cı ilin yayında Yasek Palkeviç Rusiyanın Coğrafiya Cəmiyyətinin üzvü kimi onun bayrağı altında əsrin sonuncu coğrafi kəşfini həyata keçirib. Beynəlxalq elmi ekspedisiya onun rəhbərliyi ilə Amazonka çayının mənbəyinin dəqiq yerini müəyyənləşdirib. Tədqiqatın nəticələri göstərib ki, çayın uzunluğu 7 min kilometrə çatır. Yəni hazırda Amazonka çayı Nildən 300 kilometr uzundur. 2011-ci ildə Peru hökuməti Amazonkanın mənbəyində bu kəşfin müəllifinin şərəfinə xatirə lövhəsi ilə birgə abidə qoyub.