Şeirlər

İlyas Tapdıq. Balaca Tural

Beşcə yaşı var
Hələ Turalın,
Amma nə qədər çətin sualın
Cavablarını
Bilir əzbərdən.
Qəribə sözlər
Uydurur hərdən.
Bala pişiyə
Bir kəlmə “miyoş”
Ad verib Tural.
Evə bir kirpi
“Tikanlı qonaq”
Gətirib Tural.
Deyir yaxşı bax,
Nənə bu kirpi
Yumru yumaqdır.
Turala bundan
Anası corab
Toxuyacaqdır...
Şəkillər yığır,
Öyrənir çoxlu
Heyvan adları;
Ən çox bəyənir
Köhlən atları;
Deyir: özümə
Bir at alacam!
Böyüyüb mən də
Çapar olacam!..