Xəbərlər

160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub

Bakı, 19 fevral, AZƏRTAC

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” keçirilib.


Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Uğur ənənələri” layihəsi çərçivəsində təşkil olunan “Məzun günü”nün əsas məqsədi illərlə formalaşmış ənənəni davam etdirməklə, məzunların məktəbə  baxışı əsasında şagirdlərin təhsilə, məktəbə marağını daha da artırmaq, onların məktəbin ictimai həyatında daha fəal iştirakını təmin etməkdir.


Tədbirdə 160 nömrəli Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova 67-ci ildir qeyd edilən “Məzun günü” haqqında məlumat verib, təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. 


Direktor məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirib.


Çıxış edənlər “Məzun günü” ilə bağlı fikir və təəssüratlarını bildirib, məktəbi bitirən məzunların məktəblə daim əlaqə saxlamalarını təqdirəlayiq hal kimi qiymətləndiriblər. Sonra məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər. Tədbir şagirdlərin ifasında şeir və ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Görüşdə məktəbin nailiyyətlərini əks etdirən divar qəzetləri, fotostendlər və  ötən illərin albomlarından ibarət sərgi təşkil olunub.