Xəbərlər

Cəbhə kəndində Novruz sürprizi

Tərtər, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

 

AZƏRTAC-ın təşəbbüsü ilə reallaşdırılan “Kosanın sürprizi” layihəsi cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Qapanlı kəndinin uşaqlarının sevincinə sevinc qatıb.

 

Tərtər rayonunun cəbhə zonasında yerləşən Qapanlı kəndinin balaca sakinləri Yel çərşənbəsində əsl bayram sevinci yaşayıblar.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramının əsas personajları olan Kosa və Keçəl martın 13-də Qapanlı kəndində uşaqları əyləndirib.

 

Düşmənlə üz-üzə mərdliklə dayanan kəndin mərkəzində qalanan Novruz tonqalı ətrafında əsl bayram coşqusu yaşanıb. Uşaqlar tonqalın ətrafında dövrə vuraraq rəqs edib, yumurta döyüşdürüblər. Kosa və Keçəl şən zarafatlar edib, uşaqlara şəkərbura, paxlava, badambura, qoğal və meyvələrdən ibarət bayram sovqatı, oyuncaqlar verilib.

 

Cəbhə xəttinin balaca sakinlərinə AZƏRTAC-ın Uşaq Bilik Portalının bukletləri də paylanılıb.

 

Kosa və Keçəlin bayram sürprizi cəbhə kəndinin sakinlərinə xoş ovqat və unudulmaz anlar yaşadıb.

 

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü və təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin və “Patron” günəbaxan tumları şirkətinin dəstəyi ilə həyata keçirilən “Kosanın sürprizi” layihəsinin məqsədi cəbhə kəndində yaşayan uşaqlara bayram sevinci yaşatmaq, Novruz adət-ənənələrini təbliğ etməkdir.

 

Qapanlı kəndi Tərtər rayonunun təmas xəttinə ən yaxın yerləşən və düşmən atəşindən ən çox zərər çəkən yaşayış məntəqələrindəndir. Ermənistan hərbi birləşmələri tərəfindən rayonun digər cəbhəyanı kəndləri kimi bu istiqamətdə də atəşkəs rejimi tez-tez pozulur. Düşmənin bütün təxribatlarına baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir.