Xəbərlər

Gənc Tamaşaçılar Teatrı şagirdləri Novruz bayramı günlərində maraqlı tamaşalarla sevindirəcək

Bakı, 15 mart, AZƏRTAC

 


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı və şagirdlərin yaz tətili günlərində maraqlı və mövzu baxımından rəngarəng tamaşalarla uşaqları sevindirəcək.   


Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrda bayram günləri ərəfəsində, martın 16-da və 17-də H.X.Andersenin “Qar kraliçası” və martın 18-də və 19-da E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların premyeraları olacaq. 


Növbəti günlərdə isə şagirdlər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. Şagirdlər martın 21-dən 25-dək gündə üç seans olmaqla Ş.Perronun “Çəkməli pişik”, “Qoğalın sərgüzəştləri” xalq nağılı, A.Şaiqin “Danışan gəlincik”, C.Rodarinin “Çippolino”, “Əlibaba və qırx quldur” ərəb xalq nağılı əsasında hazırlanan tamaşaları izləyə biləcəklər. 


Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq uşaqları təbrik edəcək, Novruz haqqında şeirlər və mahnılarla salamlayacaq.