Xəbərlər

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində bölgələrdən 112 şagird biliyini sınayıb

Bakı, 17 mart, AZƏRTAC
 
 
Martın 17-də akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.
 
Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva müsabiqəni izləyiblər.
 
İştirakçılara uğurlar arzulayan F.Qurbanov müsabiqənin şagirdlərin mütaliə mədəniyyətinin inkişafında, mütaliəyə meyil və maraqlarının gücləndirilməsində mühüm rolunu qeyd edib. 
 
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. İştirakçılar bu mərhələdə üç variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
 
Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
 
“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minədək şagird iştirak edib, onların arasında  fərqlənən 5.311 şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevralda yekunlaşıb və bölgələrdən qalib hesab edilən 112 şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün təqdim olunub. Onlardan 13-ü səkkizinci, 20-si doqquzuncu, 40-ı onuncu, 39-u onbirinci sinif şagirdidir.
 
Artıq üçüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqə nazirliyin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrası çərçivəsində təşkil edilir.