Bu maraqlıdır!

Dəniz qaraçıları - tankalar

Çinin cənub-şərqində yaşayan tankalılar dənizdə, sahildən kənarda ömür sürürlər. Onlar suda üzən platformalarda tikilmiş evlərdə doğulublar və dediklərinə görə, elə həmin evlərdə də vəfat edəcəklər. Çinlilər tankaları “dəniz qaraçıları” adlandırırlar.

 

Balıqçılıqla məşğul olan tankalar Çinin cənub-şərqindəki Fuszyan vilayətində, Ninqde şəhərinin sahillərindəki üzən kənddə məskunlaşıblar.

 

700-cü ildə, Tan sülaləsinin hakimiyyəti zamanında Çini bürümüş savaşlar və qırğınlardan qurtulmaq üçün dənizə üz tutan balıqçılar bu minvalla ölümdən qaçmağa çalışıblar.

 

Onlar dənizdə, üzən evlərdə doğulur, həmin evlərdə toy edir və elə o evlərdə də vəfat edərək dəfn mərasimi ilə haqq dünyasına qovuşurdular. Fuszyandakı tanka kəndində, çinlilərin “dəniz qaraçılarının məkanı” dedikləri yerdə indi 7 min nəfər yaşayır.

 

Onlar yalnız tutduqları balıqları satmaq, alver etmək, zəruri məhsul və avadanlıq almaq, sənədləşdirmələr aparmaq, ya da yetişdirdikləri dəniz bitkiləri və canlılarını topdansatış alıcılarına vermək üçün sahilə ayaq basırlar. “Dənizin qaraçıları” adlandırılan qəbilə demək olar ki, cənnətdə yaşayır. Çünki onların evləri dörd bir tərəfdən su ilə əhatələnib. 

 

Ləqəbləri “dəniz qaraçıları” olsa da onlar köçəri deyillər. Balıqçılıqla məşğul olduqları üçün çox kiçik yaşlardan üzməyi və balıq tutmağı öyrənirlər. Onlar suda balığın çoxluğundan istifadə etmirlər. Yalnız qarınlarını doyduracaq qədər balıq tururlar.

 

Bu qəbilənin sakinlərinin gələcəklə bağlı heç bir düşüncələri yoxdur. Onlar yalnız bu günü gözəl yaşamaq arzusundadırlar. Dünyada olan xəstəliklərdən xəbərləri yoxdur. Oxumağı yazmağı bilmirlər amma çox xoşbəxt görünürlər. Ayın tarixi və il dəyişməsinin onlar üçün bir önəmi yoxdur. Heç yaşlarının neçə olduğunu da bilmirlər.