Xəbərlər

Qəbələ Uşaq Musiqi Məktəbinin şagirdləri builki dərs ilinə hesabat xarakterli konsertlə yekun vurublar

Qəbələ, 25 may, Şahnəzər Bəşirov, AZƏRTAC

 

Qəbələ rayon Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə "Uşaqlar bizim gələcəyimizdir" adlı musiqi festivalı keçirilib. Rayon musiqi məktəbinin şagirdlərinin builki dərs ilinin yekunlarına həsr olunan hesabat xarakterli konsertində iştirak edən 100-ə yaxın uşaq tar, kamança, qarmon, nağara, piano, skripka, fortepiano və digər çalğı alətlərində bacarıqlarını nümayiş etdiriblər. Şagirdlər Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərini səsləndiriblər.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramında rayon ictimaiyyətinin nümayəndələri, valideynlər və məktəbin kollektivi iştirak edib. Konsertdə Azərbaycan bəstəkarlarından Ü.Hacıbəylinin, T.Quliyevin, Q.Hüseynlinin, Q.Qarayevin, Niyazinin, R.Mirişlinin, F.Əmirovun, S.Ələsgərovun, Ə.Cavanşirovun, dünya klassiklərindən A.Vivaldinin, P.Çaykovskinin, F.Şubertin əsərləri səsləndirilib.

 

Tanınmış bəstəkarların əsərlərindən parçaları məharətlə ifa edən uşaqlar bu sənət imtahanından da uğurla çıxıblar. Balaca musiqiçilər hesabat konsertində xalq mahnılarını, muğamları, milli rəqsləri də böyük məharətlə ifa ediblər.

 

Nümunəvi çıxışlar tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edib və alqışlarla qarşılanıb.