Xəbərlər

“Nəğmə çələngi” təqdim olunub

Bakı, 14 iyun, AZƏRTAC

 

İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri 15 iyun – Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə “Nəğmə çələngi” adlı konsert proqramı ilə çıxış ediblər.

 

AZƏRTAC xəbər verir ki, teatrın direktoru Rəşad Əhmədzadə bu konsertin teatrın maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik, mənəvi dəyərlər ruhunda tərbiyəsi missiyasının davamı olduğunu bildirib.

 

Əməkdar Artist Firuzə İbadovanın yetirmələrinin ifa etdikləri bəstəkar, xalq və estrada mahnıları balaca tamaşaçıların ürəyincə olub.

 

Studiyanın yetirmələrinin təqdim etdikləri proqrama rəngarəng musiqilərlə yanaşı, müxtəlif tamaşalardan səhnəciklər də daxil edilib.

 

“Oyuq”çuların mövsümün sonuna hesabat xarakterli bu konsert proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının səhnə nümayişlərini də izləyiblər.