Görkəmli şəxsiyyətlər

Musiqişünas Ağalar bəy Əliverdibəyov

Musiqişünas Ağalar bəy Əliverdibəyov Azərbaycan xalq mahnılarının toplanmasında böyük xidmətləri olub. İxtisasca mühəndis olsa da, o, Azərbaycan musiqisinin öyrənilməsi və təbliğində mühüm işlər görüb.


Ağalar Kərbəlayı Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib, ibtidai təhsilini molla məktəbində alıb.


1901-ci ildə Sankt-Peterburq Texnoloji İnstitutuna qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra atasının məsləhəti ilə Polşada Varşava İnşaat İnstitutunda təhsil alıb. İxtisasına mükəmməl yiyələnən Ağalar bəy 1913-cü ildə vətənə dönüb, yol-inşaat mühəndisi işləyib. 


A.Əliverdibəyov gənc illərindən Azərbaycan və dünya xalqlarının musiqisinə böyük maraq göstərib. O, dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “Musiqi tarixi” adlı kitab yazıb. 


A.Əliverdibəyov məşhur Azərbaycan bəstəkarı professional musiqisinin banisi Üzeyir Hacıbəylinin dayısıdır və onun ilk müəllimi olub. 


Onun araşdırmalarında Şuşanın məşhur musiqi məktəbləri, şeir və musiqi məclisləri — “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Şuşa musiqi mədəniyyətinin inkişafı öz əksini tapıb. Bir çox xanəndələr, tar və kamança ustaları, aşıqlar, habelə qaval və qarmon ifaçıları haqqında verilmiş dəyərli bilgilər, toy-düyünlərin və rəngarəng folklor mühitinin şərhi bu füsunkar diyarın zəngin musiqi həyatını açıb göstərir.


O, Şirvan və Bakı muğam məktəbləri nümayəndələrinin fəaliyyəti, İrəvan, Lənkəran, Nuxa (Şəki) və Salyanın muğam ifaçıları haqqında da dəyərli faktlar toplayıb. A.Əliverdibəyov A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. O həm də xalq mahnıları ifa edib: “Söhbət saz ilə”, “Yaxan düymələ”, “Çalpapaq”, “Kəklik”, “Nəzr eyləmişəm”, “Üçtelli durna”, “Xumar oldum”, “Neylərsən”, “Dedim bir busə ver”, “Gəl, gəl, ay ellər gözəli”, “Altımda madyan”, “Ay loylu”, “Can qurban eylər”, “Tirmə şalım”, “Qızım”, “Pinəçi mənəm” və s. 


Azərbaycan musiqi tarixində silinməz iz qoyan Ağalar Əliverdibəyov 1953-cü il iyunun 7-də vəfat edib.