Bu maraqlıdır!

Dünyanın ən zəhərli bağı Alnvik

İngiltərənin şimal-şərqində yerləşən Nortamberlend əyalətində Alnvik adında unikal bir qədim qala mövcuddur. Onun yanında isə qeyri-adi zəhərli bağ var. 

 

Hələ 1750-ci ildə qalanın ətrafında gözəl bitkilərlə dolu bir bağça olubmuş. Təəssüflər olsun ki, İkinci dünya müharibəsi zamanı bu bağ dağıdılıb, qala isə xarabalığa çevrilib.

 

1995-ci ildə qardaşının ani ölümündən sonra əyalətin hersoginyası Ceyn Persi bu qalaya köçür və ailəsi ilə birlikdə orada yaşamağa başlayır. Bir müddət sonra Pirsi qalanın ətrafındakı bağı düzəltmək qərarına gəlir və bunun üçün Belçikadan landşaft dizaynerlərini dəvət edir. Təmirə on milyonlarla funt sterlinq pul xərcləyir.

 

Bir gün Pirsi maraqlı bir kitab oxuyur. XVI əsrdə Paduya adlı bir İtaliya şəhərində Mediçi xanədanlığına aid zəhərli bir bağ olması faktı Persinin diqqətini çəkir. Qədimdə sözə qulaq asmayan, itaətkar olmayan qulluqçuları bu bağda yetişdirilən bitkilərlə zəhərləyirdilər.

 

Pirsi düşünür ki, belə bir bağ yaratsa, turistləri cəlb edəcək. Çox turist isə çoxlu pul deməkdir. O qərar verir ki, bağın bir hissəsində belə bir zəhərli bağça yaratsın. 

 

2005-ci ildə Daxili İşlər Nazirliyindən xüsusi lisenziya alan "Zəhərli Bağ"ın qapıları ictimaiyyət üçün açıq oldu. İndi burada başqa ölkələrdə yetişdirilməsi qadağan olunan yüzə yaxın bitki əkilib. Məsələn, xaşxaş, çətənə, kokain, strixnin, zəhərli milçəkqıran göbələklər və s. 

 

Bir çox alimlər hesab edir ki, Kleopatra özünü strixnin ilə öldürmək istəyib. Bunu qulluqçuları üzərində yoxlayıb və görüb ki, onlar çox acınacaqlı şəraitdə ölürlər. Lakin bunu görən Kleopatra ölümündən sonra gözəlliyini itirməmək üçün bu fikrindən daşınıb.

 

Bağçadakı güclü narkotik təsiri olan “Adam otu”, ləzzətli üzümlərindən sadəcə üç dənəsi ölüm üçün yetərli olan “Yabanı Yasəmən” də becərilir. Bağın hər yerində üzərində “Öldürər” yazısı olan lövhələr asılıb. Bitkiləri iyləmək, dərmək, dadına baxmaq qətiyyən olmaz. Buna baxmayaraq, ildə bir neçə turist bitkiləri iyləməkdən zəhərlənirlər. Bağa giriş müşayiətsiz qadağandır.

 

Hər gün saat 17:15-ə qədər bağa 20 dəqiqəlik gəzinti təşkil edilir. Bu qala ilk iki “Harry Potter” filminin çəkilişində istifadə olunub. Bağ dəmir barmaqlıqlarla bağlanıb. Ən təhlükəli bitkilər isə tikanlı tellərlə əhatələnib.