Təbiət

Turş və acı dadı şirinə çevirən meyvə

Hər bir meyvəni onun öxünəməxsus dadına görə, həm yeyirik həm də, sevirik. Ancaq elə bir meyvə düşünün ki, yediyimiz zaman heç bir dad hiss etmirsiniz. Sadəcə dadsız sudan ibarət olan bir meyvə yeyirsiniz. Haqqında danışacağımız meyvənin digərlərindən fərqi, onun dadsız olmasıdır. Bu meyvə adət etdiyimiz dadları, turş və ya acı məsələn limon, turp, turşu, pivə, lumu kimi məhsulları şirin dada çevirməsidir. Bəs sizcə bu möcüzə deyil?


Möcüzəyə bənzər bu meyvənin adı da elə Möcüzə (miracle berry, miracle fruit, miraculous berry, sweet berry) giləmeyvəsidir. Latın dilində “Synsepalum dulcificum adlanan Qərbi Afrikaya məxsus olan meyvəyə, afrikalılar agbayun, taami, asaa və ledidi də deyirlər.


İlk dəfə 1725-ci ildə Kral XV-ci Henri tərəfindən Afrikanın qərb sahillərini sənədləşdirmək üçün göndərilən fransız bir xəritəçi Şevalyer des Marşais (Chevalier des Marchais) tərəfindən kəşf edilib. 
O, bir gün gəzərkən, afrikalıların turş meyvələri yeməzdən əvvəl bu giləmeyvəni yediklərini görmüş daha sonra bu kəşfini öz xalqına çatdırmışdır. Meyvə mirakulin adlanan bəzi karbohidrat birləşməsi olan qlikoprotein molekulunu özündə ehtiva edir. 

 

Vilyam Friman Daniel “William Freeman Daniell (1818-1865)” adlı həkim və botanikin Qanada iş zamanı kəşf edərək elmi ədəbiyyata daxil etdiyi meyvənin içərisindəki qlikoprotein növü olan mirakulinin, dilin üzərindəki dad reseptorlarını bağladığını müşahidə etmişdir. Yəni ki, möcüzə meyvəsini yedikdən sonra təsiri keçənə kimi, bir kq limonu sanki alma kimi asanlıqla yeyə bilərsiz. 

 

Meyvənin lətli hissəsini yedikdən sonra, mirakulin dad reseptorlarının üzərini örtür və turş meyvənin şirin dadmasına səbəb olur. Bu təsir təxminən 30 dəqiqə, yəni proteinin tüpürcək vasitəsilə dildən yuyulub getməsinə qədər davam edir. 

 

Möcüzə meyvəsi 1.8-4.5 m hündürlüyündə olan kollarda bitir. Budaqların uclarında itburnu kimi salxım şəklində olur. Zoğala bənzəyir. Çiçəkləri ağ, meyvə özü isə qırmızı rəngdədir. Hər meyvənin bir çəyirdəyi var. Meyvələr 2 sm böyüklüyündə olur. Meyvənin faydaları çoxdur. Şəkər xəstələri üçün faydalıdır və çəki atmaqda böyük rolu var. Meyvələrdən dərman da hazırlanır.

 

Bir sözlə, şirniyyatdan ayrıla bilməyənlər üçün əsl möcüzədir. Siz möcüzə meyvəsini yedikdən sonra istədiyiniz turş meyvəni yeyərək dad reseptorlarınızı aldadaraq şəkər yediyinizi düşünəcəksiniz.