Xəbərlər

Xoruzlar səhər niyə banlayır?

Yaponiyalı alimlər xoruzların gün doğarkən banlaması ilə bağlı araşdırma aparıblar.


AZƏRTAC xəbər verir ki, Naqoya Universitetinin əməkdaşları Suyoşi Şimmura və Takaşi Yoşimura xoruzların ətrafdan gələn təsir, yoxsa bədən saatları ilə bağlı şəfəq vaxtı banladığını müəyyənləşdirməyə çalışıblar.


Bu məqsədlə bir neçə xoruz içinə kamera yerləşdirilmiş qaranlıq otaqda saxlanılıb. Bu zaman bəzi xoruzlar günün bütün vaxtı banlasa da, çoxu günəş doğarkən banlayıb. Heç günəş işığı görmədən 2 həftə qaranlıq otaqda saxlanılan xoruzların bioloji ritmləri getdikcə pozulub və onlar daha az banlamağa başlayıblar.


Daha 2 həftə qaranlıq otaqda qalan xoruzlar 24 saatlıq bioloji ritmlərini tamamilə itirib və nəticədə günəşin doğmasını ayırd edə bilməyiblər. Ümumilikdə 1 aya yaxın qaranlıq otaqda saxlanılan xoruzların işıq görmədikləri üçün bioloji ritmlərinin tam pozulduğu məlum olub. Bu ritmin yenidən işə düşməsi üçün xoruzların işığa ehtiyac duyduqları öyrənilib.


Araşdırmaçılar növbəti mərhələdə itlərin nə üçün hürdüyünü, pişiklərin miyovuldadığını öyrənməyə çalışacaqlarını deyiblər.