Odlar Yurdu

Qədim və müasir Quba

Quba Azərbaycanın gözəl təbiəti və qədim tarixi ilə seçilən guşələrindən biridir. Böyük Qafqaz silsiləsinə aid Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.
 
Tarixi ilk orta əsrlərə gedib çıxan Quba haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunub. 
 
Şəhərin adının mənşəyi haqqında bir sıra mülahizələr mövcuddur. Bəzi tarixçilər bu adın Ərəb xilafəti dövründə buraya köç edən tayfalarını gətirdiyini iddia edirlər. Belə ki, Məhəmməd Peyğəmbərin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Qubadır.
 
Bəzi alimlər Quba toponiminin ərəb sözü olan qübbədən (kupol) yarandığını təsdiqləyir. 
 
Digər bir mülahizəyə görə, Quba toponimi öz mənşəyini Qıpçaq tayfalarının birinin adından götürülüb. 1856-cı ildə Kazantsev tərəfindən tərtib edilmiş etnik tayfaların siyahısında Qıpçaq tayfası kimi Qubanın da adı yer alıb.
 
XVIII əsrin ortalarında yaradılan Quba xanlığının mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olub. Xanlığın mərkəzinə çevrildikdən sonra şəhər həm iqtisadi, həm də mədəni cəhətdən inkişaf etməyə başlayıb.
 
Qədim tarixə malik Qubada ümumilikdə 134 tarixi arxeoloji abidə qeydə alınıb. XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, günbəzli hamam da bu abidələr sırasındadır.
 
Ölkənin aqrar mərkəzlərindən biri olan Quba özünün alma bağları ilə məşhurdur. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətri hər tərəfə yayılır. Qubanı bəzən “alma bağı” da adlandırırlar. Bu haqda məşhur mahnı da var: “Qubanın ağ alması”. 
 
Quba bir sıra tanınmış şəxsiyyətlər yetişdirib. Bu sırada görkəmli dövlət xadimi və sərkərdə Quba xanı Fətəli xan, filosof və yazıçı  Abbasqulu ağa Bakıxanov və başqalarının adını çəkmək olar.  
 
Quba eyni zamanda əhalinin etnik tərkibinin müxtəlifliyi ilə fərqlənir. Burada azərbaycanlılarla yanaşı ləzgi, dağ yəhudiləri, haput, qırız və digər xalq və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə özünəməxsus arxitekturası, evlərin və binaların gözəlliyi, genişliyi ilə diqqəti cəlb edir.
 
Qubada ən məşhur muzeylərdən biri Xınalıq tarix-etnoqrafiya muzeyi – 2001-ci ildə Azərbaycanın Xınalıq kəndində yaradılmış muzeydir. 5000 illik tarixə malik olan Xınalıq kəndi təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, nadir yaşayış məntəqəsidir.