Şirvan Milli Parkı
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Səlyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.
Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.
Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.
Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağasıdır.
Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir və qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ surunən heyvanlar təşkil edir. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır. Tısbağalar: Aralıq dənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası. Kərtənkələlər: Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilanbaş kərtənkələ. İlanlar: kor ilan, adi su ilanı, su ilanı, zeytuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və cənubi Qafqaz gürzəsi.
Aralıq dənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş və qanunamüvafiq olaraq mühafizə olunur.
Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.
Şirvan Milli Parkında 230 növ qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.
Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri toplantılar əmələ gətirirlər.
Göstərilən biotoplarda iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir.
Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir.
Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.
Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.
Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı Kitab”ına, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə həm Azərbaycanın “Qırmızı Kitab”ına (1989), həm də “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na (2002) daxil edilmişdir.
Məməli heyvanların respublikamızda yayılmış bütün dəstələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.
Həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, quldenştedt qonurdişi; Yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi; Gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, kiçik və Kiçik Asiya ərəbdovşanları; Dovşankimilərdən boz dovşan; Yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi; Kürəkayaqlılardan xəzər suitisi; Cütdırnaqlılardan çöl donuzu və ceyran Milli Parkda məməlilər faunasının özəyini təşkil edir. Bu növlərdən ceyran, safsar və çöl pişiyi respublikamızın “Qırmızı Kitab”ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri “Avropa Yarasalarının Qorunması üzrə Razılaşma”ya (EUROBATS) əsasən mühafizə olunurlar.
08.04.2019